Təranə Turan Rəhimli
QOCALMAQ DA GÖZƏL, ÖLMƏK DƏ GÖZƏL
Ruhunu hər yaşda təmiz saxlasan,
Yaralı bir qəlbə məlhəm bağlasan,
Gülərkən sevincdən dolub ağlasan,
Ağlamaq da gözəl, gülmək də gözəl.
Ürəklə yaşasan deyib sözünü,
Qurda-quşa yem etməsən özünü,
Baş əyməsən, qaçırmasan gözünü
Dünyayla göz-gözə gəlmək də gözəl.
Öz yükünü özün daşıya bilsən,
Dərdin də başını oxşaya bilsən,
Ömrünü şərəflə yaşaya bilsən,
Qocalmaq da gözəl, ölmək də gözəl.